29 İYUN 2021
Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində “Reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” üzrə təlimlər keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB ilə birgə əməkdaşlıq çərçivəsində “Reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” üzrə həkimlər üçün təlimlər təşkil olundu.
BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə 8-25 iyun 2021-ci il tarixdə Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində keçirilən təlimlər çərçivəsində həmçinin müraciət edən yerli sakinlər müayinə olundu və onlara müvafiq məsləhətlər verildi.
Təlimlər İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun Ambulator-diaqnostika şöbəsinin müdiri Gülnarə Rzayeva, mama-ginekoloq Tənzilə Ağayeva tərəfindən aparıldı.
Ekspertlər fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq (CRS) üzrə tədbirlər, həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri, fövqəladə hallar zamanı İİV və cinsi yolla yoluxan infeksiyaların profilaktikası barədə ətraflı məlumat verdilər.
Təlimlər çərçivəsində tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiyanınkeçirilməsi planlaşdırıldı.