12 DEKABR 2019
Əhali arasında antibiotiklərlə bağlı geniş maarifləndirmə işləri görüldü
Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir. Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriyaya yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa Birliyinin payına düşür.
Ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirdi.
Maarifləndirmə işləri çərçivəsində avtobus dayanacaqlarında insanlara antibiotiklərdən istifadəyə dair maarifləndirici çap materialları paylanıldı. Sakinlərin diqqətini cəlb etmək məqsədilə beş avtobusun üzərinə maarifləndirici lövhələr (billboardlar) quraşdırıldı. Əhalinin daha geniş şəkildə istifadə etdiyi metro stansiyalarının vaqonlarında da belə lövhələrin yerləşdiriləcəyi planlaşdırılır.
Görülən işlərin davamı olaraq Bakı və Sumqayıt şəhərlərində 2 min nəfər arasında antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədi ilə sorğu keçirildi. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edildi və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırıldı.
Aparılan sorğu nəticəsində məlum oldu ki, iştirakçıların 51.8 %-i son 12 ayda antibiotik qəbul ediblər. Respondentlərin 12.1% -i həkim təyinatı olmadan, 6.1 %-i isə oxşar xəstəliklərdə istifadə etdikləri dərmanları yaxın insanların məsləhəti ilə qəbul etdiklərini bildiriblər. 11.7 % respondent hesab edir ki, antibiotiklə müalicə nəticəsində yaxşılaşdıqdan sonra növbəti dəfə xəstələndikdə, həkimlə məsləhətləşmədən eyni antibiotiki özbaşına qəbul etmək düzgündür.
Sorğunun nəticələri göstərdi ki, antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var.İnsanların həkim təyinatı olmadan antibiotiklərdən istifadə etməsi bakteriyaların antibiotiklərə davamlılığını artırır və bu da öz növbəsində insanın uzun müddət xəstəxanada qalmasına, tibbi xidmət xərclərinin yüksəlməsinə, əlilliyin və ölüm hallarının baş verməsinə səbəb ola bilir.
Şəkillərlə burada tanış olmaq olar.