28 İYUN 2019
Moskva şəhərində “MDB ölkələrində səhiyyə texnologiyalarının qiymətləndirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi
27-28 iyun 2019-cu il tarixdə Moskva şəhərində “MDB ölkələrində səhiyyə texnologiyalarının qiymətləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirildi.
Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən konfransın əsas məqsədi səhiyyə texnologiyalarının qiymətləndirməsi və MDB ölkələrində innovativ və ən yeni tibb avadanlıqlarının maliyyələşdirilməsi sisteminin inkişafına nail olmaqdır.
MDB-yə üzv ölkələrin Səhiyyə Nazirliyi, tibbi sığorta fondlarının nümayəndələri, Avropa İttifaqı ölkələri, eləcə də MDB ölkələrinin ictimai səhiyyə mütəxəssisləri, dərman təchizatı ilə məşğul olan aparıcı ekspertlər konfransda iştirak edirdilər. İştirakçılar arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Nabil Seyidov da vardı. Nabil Seyidov “Tibbi yardımın keyfiyyətinin təminatı: Azərbaycanda klinik protokollar və sübuta əsaslanan tibbi təlimatlar üzrə standartlaşdırma” mövzusunda geniş təqdimatla çıxış etdi.
Konfransda MDB ölkələrində səhiyyə sisteminin təşkili və maliyyələşdirilməsinin təkmilləşdirilməsi, eləcə də dərman təminatının maliyyələşdirilməsi, Böyük Britaniyanın Səhiyyə və Klinik İnkişaf Milli İnstitutunun təcrübəsinin öyrənilməsi, innovativ dərman preparatlarının qiymət sisteminin öyrənilməsi üzrə dünya təcrübəsinin araşdırılması kimi mövzularda geniş müzakirələr aparıldı.
Səmərəli fikir mübadiləsi şəraitində keçən konfransın yekununda qərara alındı ki, MDB ölkələri çərçivəsində səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə assosiasiyanın yaradılması üçün işçi qrup təşkil edilsin.