3 İYUN 2019
“31 may – Ümumdünya Tütünsüz Günü” münasibətilə Bakı Gənclər Mərkəzində tədbir keçirildi
31 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “31 may – Ümumdünya Tütünsüz Günü” münasibətilə Bakı Gənclər Mərkəzində maarifləndirici tədbir keçirildi.
Gənclər Fondunun Hüquq, kadrlar və kargüzarlıq şöbəsinin müdiri Ramil Məmmədov ölkəmizdə gənclərə göstərilən qayğıdan bəhs edərək, təhsil müəssisələrində təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova “31 may – Ümumdünya Tütünsüz Günü”nün tarixi barədə gənclərə məlumat verərək, günün builki mövzusu olan “Tütün və ağciyərlərin sağlamlığı” bərədə təqdimatla çıxış etdi. Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran natiq bildirdi ki, tütün məmulatlarından istifadə qeyri-infeksion xəstəliklərin əsas risk faktorunu təşkil edir. L. Dadaşova gəncləri tütün, eləcə də digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox yaradıcılığa vaxt ayırmağa, aktiv həyat tərzi keçirməyə səslədi.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.