31 MAY 2019
İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
31 may – Ümumdünya Tütünsüz Günü bütün dünyada, o cümlədən ölkəmizdə hər il qeyd olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hər il bu günlə bağlı təşkil edilən tədbirlərin əsas məqsədi ictimaiyyəti tütünçəkmənin və tütün tüstüsünün zərərli təsiri ilə bağlı bir daha məlumatlandırmaq, bu zərərli vərdişin qarşısının alınması istiqamətində səmərəli təbliğat və təşviqat işləri aparmaqdır.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 31 may 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Kəngərli açaraq, ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. Zərərli vərdişlərin həm sağlamlığa, həm də yaradıcılığa ciddi zərər vurduğunu bildirən G.Kəngərli yeni nəsli sağlam həyat tərzi keçirməyə çağırdı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə əhalinin sağlamlığının qorunması, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədi ilə təhsil müəssisələrində silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirdi: “Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ötən illərdə olduğu kimi, 2019-cu ildə də tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə bir sıra kütləvi tədbirlər təşkil edildi. Belə ki, cari ildə Fəvvarələr meydanında “Həyatınızı külə yox, gülə çevirin!” adlı təşviqat aksiyası keçirildi, “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” tövsiyəsi ilə fləşmob təşkil edildi, Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə “Tütündən imtina et” mobil aplikasiyası istifadəyə verildi”. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Hande Harmançı çıxış edərək, 31 may – Ümumdünya Tütünsüz Gününün tarixi və günün builki mövzusu olan “Tütün və ağciyərlərin sağlamlığı” bərədə məlumat verdi. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 8 milyon insan dünyasını dəyişir: “Odur ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununun qəbul edilməsi və icra olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır”. Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericlik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini və bu sahədə məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə və digər zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün əməkdaşlığın, qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğuladı.
Görkəmli mədəniyyət xadimləri – xalq artistləri Zamiq Əliyev, İlham Namiq Kamal, əməkdar artistlər – Azad Şükürov, Fehruz Səxavət və Əliağa Sədiyev, müğənni Cavid Hüseyn, gənc rejissor Ümid Abbas çıxış edərək, tütünçəkmənin yaradıcılığa və sağlamlığa zərərlərindən söz açdılar, şəxsi təcrübələrini iştirakçılarla bölüşərək, yeni nəsli zərərli vərdişlərdən uzaq olmağa səslədilər.
Ədəbiyyat və incəsənət xadimləri, səhiyyə mütəxəssisləri, KİV nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.
Şəkillərlə burada tanış olmaq olar.