11 APREL 2019
İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
9-10 aprel 2019-cu il tarixldə Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklər (QİX) üzrə yüksək səviyyəli Avropa konfransı: Öhdəliklərin yerinə yetirilməsi vaxtı – Avropada Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün QİX hədəflərinin həll olunması” mövzusunda konfrans keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev və İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev konfransda iştirak etdilər.
Konfransın təşkilində əsas məqsəd daha əvvəl Beynəlxalq Millətlər Təşkilatının yüksək səviyyəli iclaslarında qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə qəbul olunan tapşırıqların yerinə yetirilməsində yeni addımlara keçidin və bu istiqamətdə ölkələrə dəstək göstərilməsi meyarlarının müzakirəsi idi. Konfransda 44 Avropa ölkəsinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri zərərli vərdişlər, qeyri-sağlam qidalanma, fiziki passivlik və QİX-in digər risk faktorlarının qlobal səviyyədə qarşısının alınması ilə bağlı fikir mübadiləsi apardılar. “QİX və psixi pozuntuların müalicəsi və profilaktikasının səhiyyə sisteminə inteqrasiya olunması”, “Ürək-damar, şəkərli diabet xəstəlikləri üzrə qəbul olunan qərarların həlli və xərclərin optimallaşdırılması”, “Duz, şəkər və trans yağların istifadəsi ilə əlaqədar yaranan qeyri-infeksion xəstəliklərə tutulma riskinin azaldılması yolları”, “Dərman vasitələrinə əlçatanlığın təmin edilməsi ilə QİX sahəsində əldə edilən nailiyyətlər”, “2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan işlərdə səylərin artırılması” və s. mövzular konfrans iştirakçıları tərəfindən geniş müzakirə olundu. Nümayəndələr qeyd olunan problemlərlə mübarizədə ölkə səviyyəsində əldə olunan uğurların nəticələri ilə bağlı təcrübələrini bölüşdülər.
Konfrans çərçivəsində işçi qruplarla texniki plenar görüşlər həyata keçirildi və interaktiv tapşırıqlar yerinə yetirildi.
Şəkillərə burada tanış olmaq olar