8 FEVRAL 2019
İSİM-də səhiyyə sahəsində sosial fəaliyyət və könüllülüyün təbliği üzrə təlim keçirildi
7 - 8 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının Gənclər Fondu və İSİM-in birgə təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsi üzrə təlim keçirildi.
Tibb universitetinin tələbələri və ictimai səhiyyə sahəsində çalışan həkimlər üçün təşkil olunan təlimlərdə layihənin rəhbəri, İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək, layihənin əhəmiyyəti və tibb sahəsində çalışan gənclərin könüllü fəaliyyətə təşviq olunmasının vacibliyindən, sosial fəaliyyət və könüllülüyün əhəmiyyətindən bəhs etdi, eləcə də könüllülük fəaliyyəti ilə bağlı şəxsi təcrübəsini bölüşdü.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, eləcə də tibb tələbələrinin könüllü fəaliyyəti, onların arasında sosial fəaliyyət və könüllülüyün təbliğinin əsas məsələlərdən biri olduğunu vurğuladı.
İki gün davam edən təlimlərdə Ş.Mirzəzadənin rəhbərliyi ilə ideyaların layihə halına salınması və yazılma qaydaları, eləcə də Gənclər Fonduna müraciət forması haqqında interaktiv təlim sessiyaları, qrup işləri təşkil edildi.
Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırıldı, maarifləndirici bukletlər paylanıldı və sertifikatlar təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.