30 YANVAR 2019
İSİM-də davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası meyarları və proseduru üzrə istiqamətləndirici seminar keçirildi
29 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) peşəkar tibbi birlik və assosiasiyalar üçün davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası meyarları və proseduru üzrə istiqamətləndirici seminar keçirildi.
Tədbirin əsas məqsədi peşəkar tibbi birlik və assosiasiyalar tərəfindən müəyyən edilmiş meyarlara uyğun davamlı tibbi təhsil tədbirlərinin keçirilməsinə dəstək göstərilməsi və həkimlərin təhsil ehtiyaclarına uyğun tədris və elmi tədbirlərin əlçatanlığının artırılması idi.
İSİM-in Kadrlar şöbəsinin müdiri Aris Rüstəmov giriş sözü ilə çıxış edərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan davamlı tibbi təhsil sisteminin keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaratdığını bildirdi. A.Rüstəmov həmçinin davamlı tibbi təhsilin (DTT) həyata keçirilməsi metodları, kreditlərin hesablanması, həkimlərin şəxsi elektron kabinetlərinin yaradılması, DTT fəaliyyətlərinin sənədləşdirmə qaydaları barədə tibbi birlik və assosiasiya nümayəndələrinə ətraflı məlumat verdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının müdir müavini Qurbanxan Müslümov tədbirlərin akkreditasiyasının Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirildiyini bildirərək, DTT üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası meyarlarını iştirakçıların diqqətinə çatdırdı. İSİM-in əməkdaşı Sevda Məmmədova davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası haqqında nəzəri təqdimatla çıxış edərək, elektron məlumat sistemi vasitəsilə e-müraciətlərin tərtibi, qəbulu ilə bağlı ətraflı məlumat verdi.
Təqdimatlardan sonra panel müzakirələri keçirildi, iştirakçıların sualları cavablandırıldı.
Şəkillərlə burada tanış olmaq olar.