21 DEKABR 2018
İSİM-də “Diabetin müalicəsində müasir yanaşmalar” mövzusu üzrə təlim keçirildi
19-20 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Diabetin müalicəsində müasir yanaşmalar” mövzusu üzrə ikigünlük təlim keçirildi.
Təlimdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev diabetdən əziyyət çəkən insanların ölkəmizdə dövlət qayğısı ilə əhatə olunduğunu vurğuladı: “Ölkəmizdə şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi məqsədilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Bu yaxınlarda isə diabet xəstəliyinin qarşısının alınması ilə əlaqədar İSİM, Respublika Endokrinologiya Mərkəzi və İtaliya Barometer Diabet Müşahidə Fondu arasında dövlət və beynəlxalq proqram üzrə təlimatlara uyğun olaraq əməkdaşlıq haqqında sənəd imzalanıb”. Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek şəkərli diabet xəstələrinin erkən aşkarlanması və onların vaxtında, düzgün təlimatlandırılmasının gələcəkdə şəkərli diabetin inkişafının, fəsadlarının qarşısının alınmasında mühüm rol oynadığını vurğuladı. İSİM-in həkim endokrinoloqu Nigar Yaqubova Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən əhalinin bu xəstəliyə dair biliklərinin artırılması və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil edilən şəkərli diabet məktəbləri, o cümlədən İSİM və Azərbaycan Diabet Cəmiyyətinin birgə layihələri barədə məlumat verdi. Respublika Endokrinologiya Mərkəzinin həkim endokrinoloqu Aysel Zeynalova əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə həkimlərin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirməsi üzrə mütəmadi təlimlərin təşkil olunduğunu vurğuladı. Rusiyadan dəvət olunmuş mütəxəssis Svetlana Yelezarova şəkərli diabet xəstələrinə müalicəvi diaqnostik kömək göstərilməsinin alqoritmləri barədə iştirakçılara məlumat verərək, şəkərli diabet xəstələri ilə iş üzrə Rusiya və beynəlxalq ADA/EASD tövsiyələrini diqqətə çatdırdı. Təlimin ikinci günündə mütəxəssis diabetli xəstələrə və risk qrupuna aid əhaliyə, o cümlədən məktəblilərə sağlam həyat tərzinin, fiziki aktivliyin, özünəzarətin təşviq edilməsinin vacibliyindən söz açdı. Sonra S. Yelezarovanın təqdimatında şəkərli diabet xəstəliyində düzgün qidalanma və çörək vahidləri, pəncəyə qulluq qaydaları, insulinoterapiya, hipoqlikemiya mövzuları üzrə çıxışları dinlənildi.
Təlimdə səmərəli fikir mübadiləsi aparıldı, iştirakçıları maraqlandıran sualları cavablandırıldı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunan təlimi müvəffəqiyyətlə bitirənlərə yekunda sertifikatlar təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.