20 DEKABR 2018
Tələbələr reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirildilər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.
20 dekabr 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Dillər Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması” mövzusunda maarifləndirindirici tədbir təşkil etdi.
Universitetin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayeva tibbi maarifləndirmə işinin aparılmasının əhəmiyyətini, lazımi profilaktika və məlumatlılıq sayəsində bir sıra xəstəliklərdən uzaq olmağın mümkünlüyünü vurğuladı. İSİM-in həkim-metodisti Lətafət Dadaşova tələbə qızlara reproduktiv sağlamlığın qorunmasında vacib amillərdən olan ailə planlaşdırılması, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs etdi. O həmçinin, zərərli vərdişlərin (spirtli içki, tütün və narkotik maddələrdən istifadə) gənc qadınların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq, gələcəyin analarını sağlam həyat tərzi sürməyə çağırdı və onlara müvafiq tövsiyələrini verdi.
Tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.