7 DEKABR 2018
Bakı Texniki Kollecində “Sağlam həyat tərzinin təbliği, QİCS-dən qorunma yolları” mövzusunda tədbir keçirildi
7 dekabr 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində maarifləndirici tədbir keçirildi.
Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan tədbiri kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Zeynalov açaraq, ölkəmizdə gənclərin sağlamlığına xüsusi qayğı göstərildiyini vurğuladı və gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülən işlərdən danışdı. İSİM-in həkim-metodisti Lətafət Dadaşova “Sağlam həyat tərzinin təbliği, Qazanılmış immun çatışmazlığı sindromundan (QİCS) qorunma yolları” mövzusunda təqdimatla çıxış edərək, QİÇS xəstəliyi, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunma yolları barədə ətraflı məlumat verdi. O həmçinin zərərli vərdişlərin (tütün məmulatları, alkoqol və narkotiklərdən istifadə) insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışaraq, gənclərə sağlam həyat tərzi keçirməyi, sağlamlıqlarına məsuliyyətlə yanaşmağı tövsiyə etdi.
Tədbirin sonunda gənclərin sualları cavablandırıldı və İSİM tərəfindən QİCS-in profilaktikası isitiqamətində hazırlanan maarifləndirici materiallar tədbir iştirakçılarına paylanıldı.