15 NOYABR 2018
İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Bakıda 14 noyabr 2018-ci ildə Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib. Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etməkdir.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov təmsil etdiyi qurumun diabet xəstələrinə göstərdiyi yardım, xüsusilə bu xəstəlikdən əziyyət çəkən uşaqlarla əlaqədar həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səhiyyənin inkişafına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına daim böyük diqqət göstərir. Heydər Əliyev Fondu, eyni zamanda, ürək qüsurlu və gözdən əlil uşaqların, eləcə də talassemiya xəstələrinin müalicəsi üzrə layihələr həyata keçirir. Torpaqlarımızın müdafiəsi uğrunda yaralanan 40 əsgərə Fondun dəstəyi ilə ən son texnologiyalar əsasında protezlər qoyulub. Bununla yanaşı, uşaq evlərinin sakinləri, şəhid ailələri, məcburi köçkün ailələrindən olan uşaqlarla bağlı da bir sıra sosialyönümlü layihələr həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən təsis edilən “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgələrdə səhiyyə sahəsində müxtəlif tədbirlər reallaşdırılır. Danimarkanın region üzrə səfiri Svend Ollinq 160 ölkədə keçirilən tədbirin əhəmiyyəti və ölkəmizdə şəkərli diabet xəstələrinə göstərilən dövlət qayğısı barədə danışıb. Səhiyyə nazirinin müavini Elsevər Ağayev şəkərli diabetin ürək-damar və onkoloji xəstəliklərdən sonra ən geniş yayılmış üçüncü xəstəlik olduğunu bildirib. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 20-25 il əvvəl diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır. 2045-ci ildə isə ona mübtəla olanların sayının 620-630 milyon nəfərə çatacağı gözlənilir. Nazir müavini ötənilki statistikaya görə ölkəmizdə 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirib. Buna görə də 2006-cı ildən bəri diabet xəstələrinə göstərilən yardımı yaxşılaşdırmaq üçün üç dəfə Dövlət Proqramı qəbul olunub. Gələn ilin büdcəsində isə onların müalicəsi üçün 8 milyon manatdan artıq vəsait ayrılıb. Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev gələn il səhiyyə üçün ən yüksək büdcənin nəzərdə tutulduğunu vurğulayıb. O, Danimarkanın “Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyinin xəstəliyin profilaktikası və dərman təminatı sahəsində gördüyü işləri, hökumət-parlament-özəl sektor arasındakı münasibətləri təqdir edib. “Dünyanın yeddinci, Skandinaviya ölkələrinin isə ən böyük əczaçılıq şirkəti olan “Novo Nordisk” dünyada 27,7 milyon diabet xəstəsinin dərmana ehtiyacını ödəyir. Onun 200 min nəfəri Azərbaycandan olan xəstələrdir. Altı min nəfərə yaxın işçisi olan şirkətimiz tədqiqat və araşdırmalarla məşğul olur. Bir yeni dərman molekulunun istehsalı üçün 10 ilə yaxın vaxt tələb olunur. Şəkərli diabet xəstələrinin müalicəsində yalnız bir dərmanla kifayətlənmək olmur. Diabet qlobal bir sunami kimi daha çox adamı öz ağuşuna alır”, - deyə məşhur Danimarka şirkətinin korporativ vitse-prezidenti Emil Kongshoj Larsen söyləyib. “Xüsusi xəstəliklər üzrə xeyriyyə fondu”nun prezidenti Fatemeh Hashemi və İtaliya parlamentinin üzvü Roberto Pella öz ölkələrində şəkərli diabetə qarşı aparılan mübarizə tədbirləri barədə danışıblar.
Tədbir çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinologiya Mərkəzi və İtaliya Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Bu Anlaşma Memorandumunun məqsədi diabet xəstəliyinin qarşısının alınması ilə əlaqədar müvafiq dövlət və beynəlxalq təlimatlara, nazirliklərin direktivlərinə, habelə layihənin dövlət və beynəlxalq proqram üzrə təlimatlarına uyğun olaraq, beynəlxalq layihə ilə nəticələnəcək, İtaliya və Azərbaycanda institusional tərəfdaşlıq layihəsinin inkişafına dəstək verməkdir.
Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova 15 yaşına qədər diabetli uşaqlar arasında keçirilən “Diabet nəzarətdə, uğur irəlidə” müsabiqəsinin yekunları haqqında məlumat verib, qaliblərə mükafat təqdim olunub.
Şəkillərlə burada tanış olmaq olar.