13 NOYABR 2018
Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq" mövzusunda məlumatlandırıldılar
13 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatşılığı ilə Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecində maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Nəsimi Rayon Polis İdarəsinin rəis-müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov açaraq, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Firdovsi Əsədli çıxışında vurğuladı ki, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır və ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. İSİM-in həkim-metodisti Lətafət Dadaşova "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq" mövzusunda geniş tələbə auditoriyası qarşısında çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə gəncləri məlumatlandırdı.
Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.
Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın icrası ilə bağlı həyata keçirildi.