27 İYUL 2018
Quba Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri üçün təlimlər keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirlər Planına əsasən, BMT-nın Əhali Fondu tərəfindən strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara qarşı hazırlıq sahələrində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi həyata keçirilir.
Layihənin icrası ilə əlaqədar 25-26 iyul 2018-ci il tarixdə Quba Mərkəzi Rayon Xəstəxanasında humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və tətbiqi üzrə təlimlər təşkil olundu. Təlimlər İSİM-in mütəxəssisləri Səbinə Babazadə və Teymur Hüseynov, eləcə də Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisləri Leyla Məmmədova və Gülnarə Rzayeva tərəfindən aparıldı. Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işi üzrə müavinləri, mama-ginekoloqlar, o cümlədən təcili və təxirəsalınmaz tibbi stansiyalarının baş həkimləri təlimlərdə iştirak etdilər.
Təlimin ilk günündə tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirildi və “zərərçəkmiş” hamilə qadınlara ilkin yardım olundu. Təlimin ikinci günündə isə, göstərilən tibbi yardımlar ətrafında fikir mübadiləsi aparıldı, müzakirələr keçirildi və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verildi.