25 İYUL 2018
İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
22 iyul 2018-ci il tarixdə Türkmənistanın Aşqabad şəhərində “Sağlamlıq-2018” beynəlxalq sərgisi və elmi-praktik konfrans keçirildi. Mərkəzi Asiya və Qafqaz ölkələrində qidalanma səviyyəsinin yaxşılaşdırılması, regional platformanın yaradılması məqsədilə keçirilən konfransdan əvvəl “Qidalanma potensialının inkişafı və tərəfdaşlığın başlanması” mövzusunda iki günlük (20-21 iyul) iclas təşkil olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə konfransda və konfrans çərçivəsində keçirilən tədbirlərdə iştirak etdi.
Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan, İran, Serbiya və digər ölkələrin nazirlik və idarələrinin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların – UNICEF (BMT-nin Uşaq Fondu), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ərzaq Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmilərinin iştirakı ilə keçən iclaslarda qeyri-infeksion xəstəliklərin profilaktikası və qarşısının alınmasına dair Aşqabad Bəyannaməsinin icrası və əldə olunan nailiyyətlərdən söz açıldı. COSI, FEEDcities və STEPS tədqiqatlarının əsas nəticələri müzakirə edildi və beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildi. Eyni zamanda, Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Qidalanma Potensialının İnkişafı və əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-2020-ci il tədbirlər planı iştirakçıların diqqətinə çatdırıldı.
Konfransa BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən strategiyanın xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi, dayanıqlı inkişaf məsələsində qlobal hədəflərin müəyyənləşdirilməsi, aclığın və yoxsulluğun ləğv edilməsi, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, o cümlədən bütün yaş kateqoriyaları üzrə sağlam həyat tərzinin təbliğ edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Xüsusi olaraq vurğulandı ki, bu sahədə potensialın inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması mühüm rol oynayır.