30 MAY 2018
SOS Uşaq Kəndində “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim təşkil olundu
30 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə SOS Uşaq Kəndində “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim keçirildi.
Təcili və təxirəsalınmaz yardım üzrə ekspert, “İlk yardım” adlı dərs vəsaitinin müəllifi Malik Abbasov müəllim və valideyn auditoriyası qarşısında bu mövzuda maarifləndirici mühazirə ilə çıxış etdi. Hadisə yerində (işdə, küçədə, evdə və s.) bir sıra sadə xilasetmə tədbirlərini yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almağın mümkün olduğunu vurğulayan mütəxəssis qeyd etdi ki, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə, yaxud qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmadıqda digər şəxslər zədələnənlərə ilk yardım göstərməyi bacarmalıdırlar. Bu sahədə məlumatlı olmağın vacibliyindən danışan M. Abbasov xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni tənəffüs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bu cür vəziyyətdə ürəyin yerinin düzgün təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində yerləşdirilmə qaydası, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edildi.
Tədbirdə həmçinin tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları da bilavasitə praktiki qaydada diqqətə çatdırıldı, hər hansı travma zamanı qan damarları, əzələlər və ətraf sümüklərin zədələnməsi, yanıqlar, burxulma, bayılma zamanı göstərilməli olan təxirəsalınmaz tədbirlərdən danışıldı.
Müəllim və valideyn auditoriyasının böyük marağına səbəb olan tədbirdə ekspertin təxirəsalınmaz yardımla bağlı nəzəri və əyani təqdimatı iştirakçılar tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.