18 MAY 2018
Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “31 may - Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması məqsədilə silsilə tədbirləri həyata keçirir. Tədbirlər “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı”na əsasən tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Bu qəbildən olan növbəti tədbir 17 may 2018-ci il tarixdə İSİM və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində baş tutdu.
Şəki, Zaqatala, Göyçay, Mingəçevir məktəblilərinin qoşulduğu onlayn telekörpu formatda keçirilən tədbirdə İSİM-in həkim-metodisti Lətafət Dadaşova "Tütünçəkmənin qanunvericiliklə qadağan olduğu yerlər" barədə geniş təqdimatla çıxış etdi. O, tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə dünyada və ölkəmizdə görülən işlər haqqında məlumat verdi.
L. Dadaşova tütündən istifadənin nəticələri, aktiv və ikincili tütünçəkmənin ətraf mühit, insanın həyatı və sağlamlığına təsirləri barədə danışdı. Azərbaycanda 13-15 yaşda yeniyetmələrin tütündən istifadəsinin statistikası və fəsadlarını diqqətə çatdıran natiq bildirdi ki, siqaretin tərkibində xərçəng, ürək damar və digər xəstəliklərə səbəb olan zərərli qazlar, kimyəvi maddələr və təhlükəli metallar mövcuddur.
O, Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə qəbul edilmiş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunu haqqında geniş məlumat verdi.
İSİM-in mütəxəssisi ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan bu qanunun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaratdığını vurğuladı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.