15 MART 2018
Hərbi Liseydə “İkincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri” mövzusunda maarifləndirici tədbir oldu
14 mart 2018-ci il tarixdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tələbə və müəllim heyəti üçün “İkincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri” mövzusunda maarifləndirici tədbir keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi tədbirin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği idi.
Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini Kamran Nəsibov tədbiri giriş sözü ilə açaraq, gənclərə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. İSİM-in həkim-mütəxəssisi Şəhla Mirzəzadə geniş təqdimatla çıxış edərək, tütün tüstüsünün zərərli təsiri barədə ətraflı məlumat verdi. O bildirdi ki, tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan şəxslərin ictimai məkanda, iş yerlərində, hətta evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə mənbəyidir. İSİM-in mütəxəssisi bu baxımdan ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanunun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaratdığını vurğuladı.
Tədbirdə həmçinin tütün tüstüsünün insan orqanizminə və ətraf mühitə zərərli təsirini əks etdirən sosial video-çarxlar nümayiş olundu.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara tütün məmulatlarından istifadənin acı nəticələri barədə İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıldı.