24 NOYABR 2017
Tibb tələbələri üçün “25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi
24 noyabr 2017-cı il tarixdə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar 1 saylı Bakı Tibb Kollecində tələbələr üçün tədbir keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi tədbirin məqsədi ictimai səhiyyə problemlərindən biri olan qadına qarşı zorakılıq mövzusuna əhalinin və xüsusi ilə də gələcək tibb işçilərinin diqqətini yönəltmək, bu problemlə əlaqədar məlumatlılıqlarını artıqmaq idi.
Tədbirdə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün tarixçəsinə nəzər saldı: “Dünyada zorakılığa məruz qalan insanların 95%-ni qadınlar təşkil edir və zorakılıq hallarının əksəriyyəti daha çox təhsil səviyyəsi aşağı olan ölkələrdə baş verir. Müasir dövrdə qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır”.
Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə müxtəlif tədbirlər həyata keçirildiyini deyən mütəxəssis qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışdı. Təqdimatında Ş.Mirzəzadə gələcəkdə professional təcrübələrində zorakılıq halları ilə üzləşə biləcək auditoriya olduqlarını tədbir iştirakçılarına xatırladaraq, onların diqqətini belə məqamlarda tibb mütəxəssisinin ilk növbədə atılması vacib addımlarına yönəltdi. Daha sonra məişət zorakılığına məruz qalanların tibbi, sosial və psixoloji reabilitasiyası məsələləri müzakirə olundu, tələbələri maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda iştirakçılara qadına qarşı zorakılıq mövzusu ilə əlaqədar İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.