14 NOYABR 2017
İSİM-in nümayəndələri Zaqrebdə keçirilən "HBSC Autumn 2017" üzrə ümumi yığıncaqda iştirak etdilər
7-11 noyabr 2017-ci il tarixlərdə Xorvatiya Respublikasının Zaqreb şəhərində “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” HBSC üzrə Avropa şəbəkəsinin ümumi yığıncağı keçirildi. Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları – Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin meneceri Nərmin Əliyeva yığıncaqda iştirak etdilər.
Bir neçə gün ərzində keçirilən plenar iclaslarda 8-dən çox işçi qrup arasında təmsil olunan Azərbaycan nümayəndələri ölkəmizin bu sahədə təcrübəsini paylaşaraq, digər iştirakçılarla səmərəli fikir mübadiləsi apardılar.
Xatırladaq ki, 45 üzv ölkədən ibarət olan bu şəbəkənin 2017-ci ilin iyun ayından etibarən Azərbaycan da tam hüquqlu üzvüdür və bununla ÜST-nin qəbul etdiyi metodologiya üzrə keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” HBSC-nin keçirilməsi hüququnu qazanıb.
Qeyd edək ki, hər dörd ildən bir keçirilən HBSC tədqiqatı ilk dəfə olaraq ölkəmizdə Səhiyyə Nazirliyinin tapşırığı və Təhsil Nazirliyinin dəstəyi ilə İSİM-in mütəxəssisləri tərəfindən hazırda aparılır. 11, 13 və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə keçirilən sorğunun hazırda sahə işləri aparılır. Noyabr ayının sonlarında bitəcək tədqiqatın nəticələri əldə olunan məlumatların təhlili aparıldıqdan sonra cari ilin sonuna kimi aidiyyəti qurumlara və ictimaiyyətə açıqlanacaqdır.
Qeyd edək ki, HBSC şəbəkəsinin növbəti toplantısı 2018-ci ilin iyun ayında Polşanın Varşava şəhərində baş tutacaq. Ölkəmizdə iki dildə (azərbaycan və rus dillərində) aparılmış sorğunun nəticələri həmin iclasda Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim olunacaq.