• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

31 OKTYABR 2017

İSİM-də "Tütünlə mübarizə və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masa oldu (FOTO)

27 oktyabr 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə "Tütünlə mübarizə və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masa keçirildi. Görüşdə  həmçinin tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyi təhlil etmək üçün Texniki Məsləhətçi Qrupun (TMQ) nümayəndələri də təmsil olunurdular. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Hayat” Beynəlxalq Humanitar Təşkilatı, "Sağlam Düşüncə" Gənclər Təşkilatı, “LAYF” Xeyriyyə İctimai Birliyi, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və digər QHT-lərin nümayəndələri müzakirələrdə fəal  iştirak etdilər.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirakçıları salamlayaraq, tütünlə mübarizənin əhəmiyyətindən söz açdı. O, “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” adlı təqdimatla çıxış edərək, tütünlə mübarizədə mühüm və vacib məqamları iştirakçıların diqqətinə çatdırdı. Təqdimat zamanı “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.1.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası" maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunlaşdırılması məsələləri müzakirə olundu. Tofiq Musayevin çıxışında tütünlə mübarizədə aktual məsələ olan vergi və qiymət siyasətinin vacib aspektlərinə də toxunuldu.  

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-metodisti Lətafət Dadaşova bu gün dünyada, eləcə də Azərbaycanda qeyri-infeksion xəstəliklərin mövcud vəziyyəti ilə bağlı statistik rəqəmləri açıqladı və tütünün bir sıra xəstəliklərin əsas risk faktoru olduğunu vurğuladı. 

İSİM-in baş hüquqşunası Səbuhi Abdullayev “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” yeni qanun layihəsinin ayrı-ayrı maddələri ilə bağlı ətraflı məlumat verdi, qeyri-səhiyyə sahəsində çalışan şəxslərin, dövlət və qeyri-dövlət qurumlarının tütünlə mübarizədə əməkdaşlığının zəruri olduğunu bildirdi.

ÜST-nin Avropa regional bürosu və Cons Hopkins Universiteti yanında Blumberq İctimai Səhiyyə Məktəbinin təşəbbüsü ilə Ukraynanın Kiyev şəhərində “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak etmiş İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova və Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə təəssüratlarını bölüşdülər. Onlar iştirak etdikləri  liderlik proqramının təcrübələrindən, hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək tütünə qarşı səmərəli mübarizəsindən söz açdılar.

Eyni zamanda layihə çərçivəsində Park Bulvar AVM-də “Tütünsüz dünya yarat” şüarı ilə keçirilmiş aksiyanın yekunları, İSİM-in gördüyü işlər çərçivəsində “Like” et – kinoya get!” şüarı ilə başlanmış online-aksiya, İSİM-də fəaliyyət göstərmiş “Tütünçəkmədən imtina kabineti” və qaynar xətt pilot layihəsi barədə də məlumat verdilər.

Tədbir zamanı tütün əleyhinə sosial videoçarxların nümayişi, layihə çərçivəsində keçirilmiş kütləvi tədbirlər və aksiyalardan görüntülər, həmçinin əhali tərəfindən tütünlə mübarizənin dəstəklənməsi ilə bağlı keçirilmiş ictimai rəy sorğusunun nəticələri iştirakçılar arasında xüsusi maraq doğurdu.

Görüşün yekununda layihənin növbəti addımları müzakirə edildi və bildirildi ki, mövzu ətrafında məqsədyönlü görüşlər və tədbirlər mütəmadi təşkil olunacaq.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.