14 İYUL 2017
İSİM-də “Sağlamlığı təşviq edən Məktəblər” layihəsinin Azərbaycanda tətbiqinə dair növbəti dəyirmi masa keçirildi
14 iyul 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education - SHE) beynəlxalq layihəsinin Azərbaycanda yaradılması istiqamətində növbəti tədris ilinin Fəaliyyət Planı üzrə görüləcək işlərin müzakirəsinə dair dəyirmi masa keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları və 177, 149, 110 və 5 saylı tam orta məktəblərdən olan layihə üzrə işçi qruplarının nümayəndələri və İSİM-in əməkdaşları iştirak etdilər.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, layihə ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir.
Tədbirdə iştirak edən 177, 149, 110 və 5 saylı tam orta məktəblərdən olan işçi qrupları üçün İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov layihənin Azərbaycanda yaradılması istiqamətində növbəti tədris ili üçün nəzərdə tutulmuş Fəaliyyət Planından söz açdı. O, SHE şəbəkəsi və onun hədəfləri barədə təqdimat edərək, “Sağlamlığı təşviq edən Məktəblər” layihəsinin Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən “Sağlam Təhsil - Sağlam Millət” layihəsinə dəstək olacağını vurğuladı. O, ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və bu problemlərin həlli istiqamətində “Sağlam Təhsil - Sağlam Millət” layihəsi çərçivəsində əldə olunmuş nailiyyətlər barədə danışdı. Məktəb mühitini sağlamlaşdırmaq istiqamətində həyata keçirilən hər iki layihələrin məqsədində şagirdlərin sağlamlıq durumuna müsbət təsir etmək olduğunu N. Seyidov vurğuladı.
Daha sonra İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Raisa Əhmədova “Azərbaycanda məktəblilərin sağlamlıq vəziyyətinə ümumi baxış” adlı təqdimatında çıxış edərək, uşaqların sağlam qidalanması, sağlam davranışları ilə bağlı cari vəziyyəti iştirakçıların diqqətinə çatdırdı.
Tədbir iştikakçıların diqqətinə pilot olarak Təhsil Nazirliyinin dəstəyi ilə cari ilin may ayında 2 Bakı və 2 Bakı ətrafı qəsəbə məktəblərində İSİM-in tərəfindən aparılan araşdırmanın qiymətləndirinməsini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. İSİM-in əməkdaşları Nərmin Əliyeva “SHE layihəsi çərçivəsində 110 və 177 nömrəli məktəblərdə görülmüş işlər və qiymətləndirmə” və Şəhla Mirzəzadə isə “SHE layihəsi çərçivəsində 149 və 5 nömrəli məktəblərdə görülmüş işlər və qiymətləndirmə” haqqında təqdimatla çıxış etdilər.
Tədbirin yekunda iştirakçılarla fikir mübadiləsi baş tutdu, layihənin daha səmərəli olması üçün təkliflər irəli sürülüb müzakirələr aparıldı.