11 MAY 2017
İSİM-in əməkdaşları Beynəlxalq Palliativ Qulluq Konqresində iştirak edəcəklər
Türkiyə Respublikasının Səhiyyə və Sosial Xidmətlər Dərnəkləri Federasiyası tərəfindən 2017-ci ilin 12-13 may tarixlərində Ankara şəhərində Beynəlxalq Palliativ Qulluq Konqresi keçiriləcək.
Konqresin məqsədi son 3 ildə Türkiyədə tətbiq olunan palliativ qulluq modelləri haqqında ictimaiyyət, özəl sektor və universitetlərin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, eyni zamanda palliativ qulluğun tətbiqinə həsr olunmuş təqdimatları iştirakçıların nəzərinə çatdırmaqdır. Tədbirdə səhiyyə xidmətlərində inteqrasiya modeli, Türkiyədə palliativ qayğının hazırkı vəziyyəti, Türkiyənin dövlət və özəl xəstəxanalarında, eləcə də müxtəlif ölkələrdə palliativ yardım və bu istiqamətdə yaranan problemlərdən ətraflı bəhs olunacaq. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də daxil olmaqla, müxtəlif ölkələrdən 81 mütəxəssisin qatılacağı konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Nabil Seyidov və Tofiq Musayev də iştirak edəcəklər.
Qeyd edək ki, palliativ yardım hər bir xəstənin ağrılarının azaldılmasına, ömrünün son günlərini ləyaqətlə yaşamasına kömək məqsədilə həyata keçirilir. Palliativ yardım sistemi əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağır və geridönməz mərhələsində olan pasiyentlərə, onların ailələrinə göstərilən xidmətlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər ailə orta hesabla 10 ildə bir dəfə sağalmaz xəstəyə qulluq edir. Bu gün Azərbaycanda 45 min nəfərin palliativ yardıma ehtiyacı olduğu bildirilir.