24 APREL 2017
“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusunun sahə işləri yekunlaşdı
18-21 aprel 2017-ci ildə Sumqayıt məktəblərində aparılan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu başa çatdı. Sorğuya Sumqayıt şəhərində yerləşən tam orta məktəblərin 5, 7 və 9-cu sinif şagirdləri cəlb edilmişdi. Bununla da, məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədilə Azərbaycanda ilk dəfə keçirilən pilot layihənin – Bakı, Sumqayıt, Xızı rayonunun tam orta məktəblərində aparılan sorğunun sahə işlərinə yekun vuruldu.
“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və hazırda 45 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. Sorğu “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olundu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə aparıldı.
Sorğu Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında hazırlanan və Azərbaycanın məktəbli mühitinə uyğunlaşdırılan 60-dan çox sualdan ibarətdir. Azərbaycan və rus dillərində tərtib edilən anketləri ümumilikdə 1350 şagird cavablandırıb.
Pilot layihənin artıq yeni mərhələsinə başlanılıb – sorğu yolu ilə əldə edilmiş məlumatların təhlili və nəticələri əsasında yekun hesabat hazırlanır. Nəticələr Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin may ayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.