21 APREL 2017
AMEA-da “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda tədbir keçirildi (FOTO)
20 aprel 2017-ci ildə tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında tədbir keçirdi. IV İslam Oyunları könüllülərinin iştirakı ilə keçən tədbirdə İSİM tərəfindən dəvət olunmuş təcili və təxirəsalınmaz yardım üzrə ekspert, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktor müavini Malik Abbasovun “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda maarifləndirici mühazirəsi dinlənildi.
İlk yardımın məqsəd və vəzifələri barədə məlumat verən mütəxəssis bildirdi ki, xəsarətlə nəticələnmiş hər hansı hadisə zamanı zərərçəkən üçün dərhal təhlükəsiz ətraf mühit yaradılmalıdır: “Huşsuz insana, yaxınlıqda tibb işçisi olmadığı halda, dərhal ilk yardım göstərilməlidir. İlk addım – təcili yardım briqadasına məlumat vermək olmalı, sonra həmin şəxsin vəziyyətinin yüngülləşdirilməsi istiqamətində həyata keçirilməsi vacib olan digər addımlar atılmalıdır”. Ekspertin təxirəsalınmaz yardımla bağlı nəzəri və əyani təqdimatı könüllülər tərəfindən maraqla qarşılandı. O, xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni tənəffüs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını iştirakçıların nəzərinə çatdırdı. Belə vəziyyətdə ürəyin yerinin təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edildi. Döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları bilavasitə könüllülərin iştirakı ilə təqdim olundu.
Mütəxəssis həmçinin, yanıq və onun dərəcələri, yanıqlar zamanı ilk yardımın göstərilməsi, qanaxmalar zamanı qanın dayandırılması üsulları, sınıq-çıxıq və zədələnmələr zamanı zədələnmiş ətrafın fiksasiya edilməsi üsulları, qıcolmalar vaxtı düzgün yardımla bağlı ətraflı məlumat verdi.
İnteraktiv formada baş tutan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.