24 FEVRAL 2010
Tütünlə Mübarizə Koalisiyasının II görüşü
2010-cu il 23 fevral tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının II görüşü keçirildi.
Koalisiya İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən, Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində 14 dekabr 2009-cu ildə Tütünlə Mübarizə üzrə Milli Konfransda yaradılmışdır. Görüşdə Tütünlə Mübarizə üzrə Milli Strategiyanın ilkin variantı müzakirə olundu.
Səhiyyə Nazirliyinin Sağlam Həyat Tərzi layihəsi üzrə milli koordinatoru, Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması layihəsinin eksperti Azad Hacıyev strategiyanın əsas məqsəd və vəzifələri, prioritet istiqamətlər və məqsəd indikatorları, monitorinq və qiymətləndirmə sistemi və tətbiq olunma mexanizmləri haqqında ətraflı məlumat verdi. Son illər ərzində tütün istehlakının artdığını qeyd edən Azad Hacıyev xüsusilə uşaq və yeniyetmələr arasında tütün istifadəsinin qarşısının alınmasının əsas prioritet istiqamətlərdən biri olduğunu vurğuladı. Təqdimatdan sonra iştirakçılar uşaqlar və yeniyetmələr arasında tütün istifadəsinin qarşısının alınması üçün görülə biləcək tədbirlər barədə öz təkliflərini bildirdilər.
Daha sonra layihə çərçivəsində yaradılmış internet səhifəsi iştirakçılara təqdim olundu. Saytda tütünlə mübarizə sahəsində əldə olunan nailiyyətlər, qanunvericilik, layihə haqqında məlumatlar yer alıb. Sonra isə iştirakçılar saytla bağlı rəy və təkliflərini bildirdilər.
Görüşdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, «Sağlamlığa Çağırış» Alyansı, Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi və mətbuat nümayəndələri iştirak edirdilər.