2 МАЯ 2020
COVID-19 pandemiyası ilə mübarizədə ən təsirli vasitə - birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıqdır
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bildirir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə vətəndaş həmrəyliyi, müxtəlif qurum və təşkilatlar tərəfindən nümayiş etdirilən birlik və əməkdaşlıq mühüm rol oynayır. Bu mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərən səhiyyə işçilərini, tibb mütəxəssislərini dəstəkləməyin özü də böyük diqqət və qayğı deməkdir.
Xüsusi karantin rejimi günlərində vəzifələrini yerinə yetirən 200 nəfər səhiyyə əməkdaşları və tibb işçilərinə aprel ayı ərzində təmənnasız xidmət göstərən “Bolt” nəqliyyat şirkətinin göstərdiyi dəstəyin mənəvi dəyəri olduqca yüksəkdir. Eyni zamanda, “Bakı Kimya” MMC tərəfindən səhiyyə və tibb müəssisələrində istifadə üçün 1000 litr 96%-li etil spirtinin hədiyyə edilməsi də birlik və həmrəyliyin gözəl nümunəsidir. Əhalini COVID-19 xəstəliyi barədə daha ətraflı məlumatlandırmaq məqsədilə İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar “Bravo” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq sayəsində vətəndaşlarımıza paylanıldı, marketin divarlarına vacib tövsiyələrin əks olunduğu vərəqələlər yerləşdirildi.
Bütün bu addımları alqışlayaraq bildiririk ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də əhalinin sağlamlığını təhdid edən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirmək sayəsində səmərəli mübarizə aparıla bilər. Bu gün hər birimizin fəaliyyəti həm sıravi vətəndaşlarımızın, həm də səhiyyə işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.