27 ДЕКАБРЯ 2018
“Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsi çərçivəsində məktəblərdə şagird, müəllim və valideynlərlə maarifləndirici görüşlər keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin icrasını davam etdirir. Növbəti mərhələdə layihənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələrindən Azərbaycan məktəblərində istifadə edilməsi məqsədilə 177, 5, 110 və 149 saylı saylı tam orta məktəblərdə şagird, müəllim və valideynlərlə görüşlər təşkil edildi.
SHE layihəsi üzrə 177 və 5 nömrəli məktəblərin koordinatoru, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva, 110 və 149 nömrəli məktəblərin koordinatoru, İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadənin rəhbərliyi ilə təşkil edilən görüşlərdə layihənin məqsədi, sağlamlıq sahəsində məlumatlılığın əhəmiyyəti, zərərli vərdişlərin insan orqanizmi üçün mənfi təsirləri və məktəblilər arasında kobud davranış qaydalarının mənfi nəticələri barədə iştirakçılara məlumat verildi.
Məktəblərdə şagirdlərin iştirakı ilə gigiyena qaydaları, ətraf mühitin insan sağlamlığına təsirinə həsr edilmiş “Meşə möcüzəsi”, Meyvələrin söhbəti" adlı tamaşalar təqdim olundu, aktiv həyat tərzinin təbliği məqsədilə “Şən estafet” yarışı, sağlamlıqla bağlı şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün “Bilik yarışması”, o cümlədən dəyirmi masalar təşkil olundu. Şagirdlər, valideynlər və müəlimlərin iştirakı ilə maraqlı viktorinalar, əyləncəli oyunlar keçirildi, şagirdlərin ifasında şeirlər, mahnılar səsləndi.
Sonda iştirakçılar, qaliblər və o cümlədən məktəb rəhbərliyi sertifikat, kubok və diplomlarla təltif olundular.
Qeyd edək ki, “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin icrası davam etdirilir və növbəti ildə də 177, 149, 110 və 5 saylı tam orta məktəblərdə müəllim və valideynlərin iştirakı ilə dəyirmi masaların, dram tamaşaları və yarışların təşkili nəzərdə tutulur.