24 ДЕКАБРЯ 2018
Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
24 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.
Mətbuat konfransını giriş sözü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev açdı. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların (EBMG – Evidence-Based Medicine Guidelines) Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalandığını bildirdi: “Bu müqaviləyə əsasən, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokolun azərbaycanlı həkimlərin istifadəsinə verilməsi və onların tədricən Azərbaycan dilinə tərcüməsi həyata keçirilir. Bu gündən etibarən, Azərbaycan istifadəçiləri www.ebmg.az portalına daxil olaraq, sübutlara əsaslanan tibbi təlimatlarla tanış ola bilərlər”. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov bildirdi ki, müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil: “Tibbi praktikada yeni klinik protokolların istifadəsi Azərbaycanda sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir”. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova sübutlara əsaslanan tibbi təlimatlar, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə yeni portal – ebmg.az barədə ətraflı məlumat verdilər. Bildirildi ki, yeni portal vasitəsilə Azərbaycanın tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərində tətbiq etmək, vətəndaşlar isə öz növbəsində, hansı xəstəxanada və ya hansı həkim tərəfindən tibbi yardım alacağından asılı olmayaraq yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanıblar. Tibbi protokollarla yanaşı, portalda sübutlara əsaslanan Cochrane Library, MedLine, PubMed beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları, o cümlədən müxtəlif patologiyalar zamanı ürək və ağciyərdə eşidilən küylərin audioyazılmaları, dermatoloji və göz xəstəliklərinin 1400-dən çox şəkilləri və təsviri Azərbaycan istifadəçilərinə təqdim olunur.
Şəkillərlə burada tanış olmaq olar.