24 ДЕКАБРЯ 2018
Azərbaycan Dövlət Pedaqoji Universitetində maarifləndirindirici görüş keçirildi
24 dekabr 2018-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Dövlət Pedaqoji Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi” mövzusunda maarifləndirindirici tədbir təşkil etdi.
Universitetin Məzun, koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova tədbiri giriş sözü ilə açaraq, tibbi maarifləndirmə işinin aparılmasının gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynadığını bildirdi. Səbail rayon 29 saylı şəhər poliklinikasının baş həkimi Şəfəq Teymurova qeyd etdi ki, cinsi və reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı dövlət tərəfindən daim diqqətdə saxlanılan sahələrdən biridir və bu səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində daim işlər görülür. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova tələbələr qarşısında geniş təqdimatla çıxış edərək, onlara reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar, o cümlədən abortların qadın sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verdi. Həkim-metodist həmçinin körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əvəzsiz faydalarından danışaraq, gələcəyin analarına müvafiq tövsiyələrini çatdırdı.
Yekunda mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.