26 ОКТЯБРЯ 2018
SHE - “Sağlamlığı Təşviq edən Məktəblər” layihəsi çərçivəsində 177, 149, 110 və 5 saylı tam orta məktəblərdə maarifləndirici tədbirlər keçirildi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir.
Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir. Şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələrindən Azərbaycanın məktəblərində istifadə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən 9-26 oktyabr 2018-ci il tarixlərində 177, 149, 110 və 5 saylı tam orta məktəblərdə maarifləndirici tədbirlər keçirildi.
Keçirilən tədbirlərdə SHE layihəsi üzrə 177 və 5 nömrəli məktəblərin koordinatoru, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva, 110 və 149 nömrəli məktəblərin koordinatoru, İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə giriş nitqi ilə çıxış edərək layihənin məqsədi, sağlamlıq sahəsində məlumatlılığın əhəmiyyəti, zərərli vərdişlərin insan orqanizmi üçün mənfi təsirləri və məktəblilər arasında kobud davranış qaydalarının mənfi nəticələri barədə məktəblilərə məlumat verdilər. İSİM-in mütəxəssisləri – Lətafət Dadaşova, Zümrüd Kazımova, Nuranə Məmmədli, Elnarə Nuriyeva, İnci Agayeva şagirdlər qarşısında "Ekologiya və sağlamlıq", "Düzgün gigyenik vərdişlər", "Sağlam qidalanma", "Fiziki aktivlik", "Zərərli vərdişlər və onlardan imtina" mövzuları üzrə geniş təqdimatlarla çıxış etdilər.
Tədbirlər çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulandı.
“Sağlamlığı Təşviq edən Məktəblər” layihəsinin birinci mərhələsində məktəblərdə ardıcıl görüşlər keçirən mütəxəssislərin nəzəri və əyani təqdimatı şagirdlər tərəfindən maraqla qarşılandı, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.
Növbəti mərhələdə 177, 149, 110 və 5 saylı tam orta məktəblərdə müəllim və valideynlərin iştirakı ilə dəyirmi masaların, dram tamaşaları və yarışların təşkili nəzərdə tutulur.