2 JUNE 2014
İSİM-in nümayəndəsi Türkiyənin Antalya şəhərində “Tam Bazar Yanaşmasını tətbiq edən Siyasətin müdafiəsi” mövzusunda seminarda iştirak etdi
2014-cü ilin mayın 27-30-da BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində “Tam Bazar Yanaşmasını tətbiq edən Siyasətin müdafiəsi” mövzusunda seminar keçirildi. Regionun 17 ölkəsindən nümayəndələrin iştirak etdiyi seminarda Azərbaycanı AR İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Ombudsman Aparatının Protokol sektorunun rəhbəri Yeganə Cəfərova, Səhiyyə Nazirliyinin Mama-ginekologiya üzrə Baş mütəxəssisi və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Teymur Hüseynov və Azərbaycanda UNFPA nümayəndəliyinin Reproduktiv Sağlamlıq və Gənclər proqramları üzrə mütəxəssisi Ramiz Hüseynov təmsil etdilər.
Seminar çərçivəsində iştirakçılar “PATH” təşkilatının nümayəndələrinin rəhbərliyi altında reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində siyasəti tənzimləyən qanun və normativ sənədlərdə tam bazar yanaşmasının əks etdirilməsi üçün vacib müdafiə tədbirlərinin görülməsini öyrəndilər.