30 MAY 2014
İSİM “31 may – Ümumdünya Tütünsüz Günü”nü bu il də qeyd edir
Hər il mayın 31-i dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. 1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insanın vəfat etdiyi nəzərə çatdırılır və bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.
“31 may – Ümumdünya Tütünsüz Günü”ndə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Tütünçəkmə ilə daima mübarizə aparan AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin maarifləndirilməsi istiqamətində bir sıra işlər görür. Bu günə kimi İSİM tərəfindən tütünçəkmə ilə bağlı tədqiqatlar aparılıb, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə videoçarx hazırlanıb, fotomüsabiqə təşkil edilib, “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 5.3; 8; 9; 10; 11; 12; 13 və 14-cü maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri Azərbaycan dilinə tərcümə olunub və kitab şəklində çap edilib. Həmçinin İSİM-in mütəxəssisləri ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Bakı şəhəri üzrə ali və orta məktəblərdə “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar ediblər. Təqdimatlarda tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər, tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açılıb, tələbələrin və şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparılıb.
Fəaliyyətinin ayrılmaz hissəsi olan maarifləndirmə materiallarının çapını da davam etdirən İSİM tərəfindən hazırlanmış bukletlər, plakatlar, qələmlər, məlumatlandırıcı nişan və digər nəşrlər əhali arasında paylanılıb.
İSİM həmçinin ölkəmizdə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş digər tədbirlərə də dəstək olur. Belə tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, AR Gənclər və İdman Nazirliyi, İSİM-in dəstəyilə “ADDIM” Gənclər təşkilatının həyata keçirdiyi birinci və ikinci “No Smoking Film Festivalı”dır. Festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan sənətçi Brilliant Dadaşovadır.
“Siqaret çəkməkdənsə, FİLM çək!” devizi altında həyata keçən festivalın ikinci ilində də məhz tütün əleyhinə qisametrajlı filmlər nümayiş olunacaq və qiymətləndiriləcək. Bundan əlavə, festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulub.
İSİM həmçinin “Tütünsüz ay” kampaniyasına qoşulub və bu fəaliyyətin məntiqi nəticəsi kimi, mayın 31-i “Ümumdünya tütünsüz günü”ndə “No Smoking Film Festivalı”nın təntənəli açılışı və iyunda qala gecəsi keçiriləcək. Festivalda birinci “No Smoking Film Festivalı”nın filmlərinə nəzər salınacaq və ikinci “No Smoking Film Festivalı”na təqdim olunmuş filmlər nümayiş olunacaq, qaliblər elan olunacaq.