14 mart – Ümumdünya Böyrək Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

14 MARCH 2013

14 mart – Ümumdünya Böyrək Günüdür

2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi şəkildə Ümumdünya Böyrək Günü qeyd edilir. 2013-cü ilin bu gününün şüarı “Kəskin böyrək çatışmazlığının inkişafına son”dur. Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarı və müalicə üsullarına yönəltməkdir.

Böyrəklər insanın ən vacib orqanları olub, orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa yardım edir. Böyrək çatışmazlığı kəskin və xroniki olur. Kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. Xroniki böyrək çatışmazlığı hər il dünyada 4 milyon insanın ölümünə səbəb olur. Bu xəstəliyin dünyada artımına əsas səbəb hipertoniya və şəkərli diabet xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müxtəlif ölkələrdə bir milyon əhalinin 800-1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Azərbaycanda xroniki böyrək çatışmazlığının profilaktikası istiqamətində bir sıra tədbirlər həyata keçirilir. AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2011-2015-ci illər üçün “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Tədbirlər Proqramının məqsəd və vəzifələri tibbi yardımın daha da təkmilləşdirilməsi, xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi, respublikada böyrəkköçürmə əməliyyatlarının təşkilidir.

Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş xəstələrin mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən müalicəsi də dövlət büdcəsi hesabına ödənilir. Hazırda Azərbaycanda fəaliyyət göstərən hemodializ mərkəzlərində xəstələr dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması ilə yanaşı, dializ alan xəstələrin sayı hər il 21-25% artır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən fəaliyyət çərçivəsində böyrək daşı xəstəliyinin müalicəsi və diaqnostikası, eləcə də hemodializ üzrə sübutlu təbabətə əsaslanmış klinik protokollar hazırlanıb. Eyni zamanda böyrəklərin xroniki xəstəliklərinə dair maarifləndirmə məqsədilə 2013-cü il Ümumdünya Böyrək Günü ərəfəsində plakat çap edilib və müvafiq tibb müəssisələrinə paylanılıb.