15 MARCH 2013
İSİM-də “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi”mövzusunda PİLOT TƏLİM KURSU keçirildi
AR Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında imzalanmış saziş əsasında, “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” mövzusunda təlim kursunun təşkili layihəsi çərçivəsində 2010-cu ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda PİLOT TƏLİM KURSU, 2012-ci ildə isə “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda təlimçilər üçün təkmilləşdirmə təlimi keçirilib. Təlimlər nəticəsində beynəlxalq mütəxəssislərin təklifləri nəzərə alınmaqla, ictimai səhiyyədə fövqəladə halların idarə edilməsi istiqamətində fəaliyyətin düzgün qurulmasına nail olunub. Həmçinin Azərbaycanda fövqəladə hallara hazırlıq, onun nəticələrinin aradan qaldırılması, yüngülləşdirilməsi və fəlakətlərdən sonra bərpa dövründə ictimai səhiyyənin idarə edilməsində tibb müəssisələrinin rəhbərlərinin bilik və təcrübəsinin artırılmasına imkan yaradılıb. Hazırda İSİM-də “Fövqəladə hallarda reproduktiv sağlamlıq” layihəsi hazırlanır.
2013-cü il martın 12-15-də İSİM-də “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda PİLOT TƏLİM KURSU keçirildi. ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin maliyyə dəstəyi və İSİM-in təşəbbüsü ilə keçirilən təlimdə AR Fövqəladə Hallar Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İSİM, ÜST, Qlobal Fond və şəhər poliklinikalarının mütəxəssisləri iştirak etdilər.
Təlimi giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov fövqəladə hadisələrə hazırlıq, onun nəticələrinin yüngülləşdirilməsi və fəlakətlərdən sonra vacib sayılan bərpa işlərinin idarə olunmasının ictimai səhiyyənin həll edilməsi vacib məsələlərdən biri olduğunu bildirdi. Direktor fəaliyyət çərçivəsində beynəlxalq səviyyədə təlimlərin keçirildiyini, təlim nəticəsində əldə edilən bilik və təcrübənin Azərbaycanda təşkil edilən təlim kursunun hazırlanmasında tətbiq edildiyini vurğuladı. Mövcud təlimdə ÜST-nin mütəxəssislərinin köməyilə fövqəladə hallarda ictimai səhiyyənin roluna dair tövsiyələrin bir daha nəzərdən keçiriləcəyini diqqətə çatdırdı.
Son illərdə fövqəladə hadisələrin artdığını bildirən ÜST-nin Avropa Regionu üzrə Texniki Ofisinin eksperti Ute Enderleyn bu hadisələrin idarə olunmasında ictimai səhiyyənin rolundan bəhs etdi. “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda bu günə kimi 3 regional kursun təşkil olunduğu və bu sahədə kifayət qədər geniş təcrübə əldə edildiyini vurğulayan ekspert Azərbaycanda bu təlimin gerçəkləşdirilməsində İSİM-in təşəbbüskarlığını bəyəndirdi.
Layihə barədə qısa məlumat verən ÜST-nin nümayəndəsi Samir Mehdiyev ÜST-nin Avropa Regional Ofisinin bütün Avropada “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusuna diqqət ayırdığını bildirdi.
İştirakçılar fövqəladə hallar zamanı ictimai səhiyyənin roluna dair təqdimatlar etdilər. Fövqəladə hallara hazırlıq məqsədilə görülən tədbirlər, kommunikasiya vasitələrindən maksimum yararlanma, mürəkkəb fövqəladə hallarda reproduktiv sağlamlığın və xroniki xəstəliklərin idarə olunmasından söhbət açılan təqdimatlarda böhran zamanı ətraf mühitin sağlamlığının qorunmasının vacibliyi vurğulandı. Həmçinin “Risklərin idarə edilməsi. Fövqəladə Hallara Hazırlıq Konsepsiyası”, “Xəstəxanaya qədərki mərhələdə hazırlıq və idarəetmə”, “Fövqəladə hallarda epidemiologiya”, “Fövqəladə hallarda psixi sağlamlıq”, “Bərpa prosesinin idarə edilməsi” mövzularında da məruzələr dinlənildi.
Təlim ərzində qazanılmış nəzəri biliklər praktik məşğələlərdə tətbiq edildi. Qruplar üzrə iş zamanı iştirakçıları maraqlandıran suallar əsasında müzakirə aparıldı. Təlim kursunu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olundu.