15 FEBRUARY 2013
Azərbaycanda Milli qidalanma sorğusu üzrə təlim keçirildi
Azərbaycanda Milli qidalanma sorğusunun keçirilməsi AR Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında 2012-2013-cü illər üçün imzalanmış iş planında nəzərdə tutulub. AR Səhiyyə Nazirliyinin “Azərbaycanda Milli qidalanma sorğusunun keçirilməsi barədə” 05.11.2012-ci il tarixli 106 №-li əmrinə əsasən sorğunun keçirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilib. Sorğu üçün təlimlərin təşkil edilməsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub.
2013-cü il fevralın 13-14-də İSİM-də Azərbaycanda Milli qidalanma sorğusunda iştirak edəcək mütəxəssislər üçün təlim keçirildi.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsinin müavini Rəşed Mustafa sorğu haqqında ümumi məlumat verdi, sorğunun keçirilməsində məqsədləri diqqətə çatdırdı: “2013-cü il fevral – aprel aylarını əhatə edəcək sorğu BMT-nin Uşaq Fondunun texniki yardımı ilə Dövlət Statistika Komitəsi tərəfindən yaradılmış seçmə şəbəkəsi üzrə keçiriləcək. Sorğunun məqsədi seçilmiş yaş qrupu arasında olan əhalinin qidalanma statusunu müəyyənləşdirməkdir.” R.Mustafa sorğunun 15-49 yaşlı qadınlar və 0-59 aylıq uşaqlar arasında aparılacağını, sorğu nəticələrinin bu və ya digər məhsulun mikroelementlərlə zənginləşdirilməsi üçün işlənilib hazırlanacağını vurğuladı. Həmçinin sorğu əsasında əldə edilən məlumatların növbəti 4-5 il üçün istifadə olunacağı bildirildi.
Sorğunun metodologiyası, sahədə işlərin aparılması üçün komanda üzvlərinin vəzifələrinin təsviri və sahədə yerinə yetiriləcək prosedurlarla bağlı məlumatları Azərbaycanda Milli qidalanma sorğusu üzrə koordinator Tamerlan Rəcəbov çatdırdı. Təlim iştirakçılarına məlumatların toplanması üçün istifadə edilən sorğu formaları paylanıldı. Beynəlxalq mütəxəssisin iştirakı ilə sorğu formaları əsasında intervüyerlər, laborantlar və antropometristlər təlimatlandırıldı, pilot sorğunun keçiriləcəyi yerlər açıqlandı. Keçirilmiş məşğələlərin nəticələri müzakirə edildi, seçilmiş şəxslər və ev təsərrüfatı ilə ünsiyyətdə yarana bilən problemlərin həlli yolunda tövsiyələr verildi.
Fevralın 15-16-da təlim çərçivəsində seçilmiş ev təsərrüfatlarında sorğu proseduru təcrübədən keçirildi. Sahə işi zamanı qarşıya çıxan problemlər ətrafında fikir mübadiləsi aparıldı.