15 MAY 2012
“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimlər davam edir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz keçirilən təlimlər davam edir.
Şəkərli diabetdən əziyyət çəkən insanlar qanda şəkərin miqdarına düzgün nəzarət etməklə, diabetin fəsadlarının qarşısını ala bilərlər. Təlimlərin keçirilməsində məqsəd də məhz bilik və davranışlara nail olmaqla özünənəzarətin gücləndirilməsidir.
Şəkərli diabet xəstələri üçün mayın 14-də başlanmış təlimlər mayın 18-nə kimi davam edəcək. Risk qrupuna aid əhali üçün isə mayın 21-25-də təlimlərin növbəti mərhələsi keçiriləcək.
Həkim-endokrinoloqun apardığı təlimlər hər ayın 3-cü və 4-cü həftəsində, hər hədəf qrupu üzrə ayrılıqda bir həftə olmaqla həyata keçirilir. Təlimlərdə qanda şəkərin miqdarını ölçmə qaydaları, düzgün qidalanma, fiziki aktivlik, istifadə olunan dərman preparatlarının və ya insulinin dozasının tənzimlənməsi ilə bağlı məsləhətlər verilir. Təlimə gələn diabet xəstələrinə və risk qrupu əhalisinə müxtəlif tədris-metodik vəsaitlər təqdim edilir, onların qanında şəkərin miqdarı hər gün ölçülür və həkimlər tərəfindən nəzarət olunmaqla məlumatlandırılır.