16 MAY 2012
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2012-ci il mayın 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin icraçı bürosu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, AbtAssociates, “İRƏLİ” İctimai Birliyinin Tibb Klubu, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və digər yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyəti barədə qısa məlumat verdilər. Eyni zamanda onlar növbəti aylar üçün planlaşdırılmış işlərdən söhbət açdılar.
Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) əməkdaşı Züleyxa Nəcəfova qeyd etdi ki, 2012-ci ilin yanvar ayından etibarən Avropa Birliyinin maliyyə dəstəyi ilə Azərbaycanda “Sosial hüquqi islahatlar: əlilliyi olan və cəmiyyətdən təcrid edilmiş uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi” adlı 2 illik layihəyə start verilib. Layihə 4 regionu – Siyəzən, Sumqayıt, Biləsuvar və Lənkəran şəhərlərini əhatə edir. Əlilliyi olan uşaqların uşaq bağçalarına cəlb edilməsi, onların cəmiyyətdən təcridinin qarşısının alınması layihənin əsas prioritetidir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova 8 may “Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü”nə həsr olunmuş tədbirlər haqqında söz açdı. Sumqayıt şəhərində əlil uşaqların əl işlərindən və Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərindən ibarət sərgi keçirilmiş, video çarxlar nümayiş etdirilmişdir. 15 əlil uşağa noutbuk və əlil arabası hədiyyə edilmişdir. Həmçinin M.Qaraxanova “Bus for all of us” humanitar layihəsi haqqında məlumat verdi. O qeyd etdi ki, bu avtobus rayonlara səfər edəcək və rayon sakinlərinə tibbi yardım göstərəcək.
“Qan Donorları Assosiasiyasının” sədri Fuad Əsgərov “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Marneuli Gənclər Mərkəzi”nin təşkilatçılığı ilə “Gənc qan donorları üçün qış universiteti, Gürcüstan 2012” layihəsi haqqında danışdı. F.Əsgərov layihənin məqsədini iştirakçıların nəzərinə çatdırdı, belə ki, bu layihənin məqsədi iki qonşu ölkənin gənc qan donorları arasında şəbəkə yaratmaq, ikitərəfli təcrübə mübadiləsi aparmaq və regional layihələrdə gənclərin iştirakına dəstək olmaqdır.
AbtAssociates təşkilatının nümayəndəsi Nərmin Əfəndiyevə “Şəkərli diabet” və “Pnevmoniya” klinik protokolları üzrə həkimlər üçün təlim keçirildiyini qeyd etdi. Həmçinin N.Əfəndiyevə çıxış zamanı bildirdi ki, “İlkin xidmətlər paketi”nin hazırlanması üzrə işlər davam edir və bu işlərə kömək etmək məqsədilə mütəxəssis dəvət olunub. Məruzəçi sonda ötən aylarda vərəmlə mübarizə kampaniyasının keçirildiyini vurğulayaraq qeyd etdi ki, bu kampaniya AbtAssociates, ÜST, İSİM, Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər qurumların birgə əməkdaşlığı nəticəsində həyata keçirilmişdir. Hal-hazırda bu kampaniyanın effektivliyinin monitorinqi keçirilir.
Səhiyyə Sektorunda İslahatlar Layihəsinin icraçı bürosunun koordinatoru Səkinə İsmayılova Səhiyyə Sisteminin Fəaliyyətinin Qiymətləndirilməsi hesabatının hazırlandığı və artıq hesabatın tərcüməsi, AZS-066 statistik forma (Xəstənin stasionardan çıxarış vərəqəsi) üzrə yenidən bazanın qurulması üzrə işlərin aparılması və büronun digər işləri haqqında bəhs etdi.
Toplantıda ÜST-nin koordinatoru Samir Mehdiyev, “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun layihə üzrə assistenti Cəmilə Kərimova, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə assistenti Sevil Qəmbərova, Vişnevskaya-Rostropoviç Fondunun koordinatoru Şahin Ağayev, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Fərhad Sinqatulov və başqaları çıxış etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs edərək, ötən ay ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verdi.
O, çıxışında 2012-ci il aprelin 23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) GDTHibHepB peyvəndinin Azərbaycan Respublikasının Milli İmmunlaşdırma Proqramına daxil edilməsinə həsr olunmuş konfrans keçirildiyini və konfrans iştirakçılarina İSİM-də hazırlanmış və çap edilmiş “Peyvənd təqvimi” mövzusunda plakatların paylanıldığını iştirakçıların nəzərinə çatdırdı. Daha sonra direktor qeyd etdi ki, ötən ay ərzində bir neçə maarifləndirici nəşrlər buraxılıb, bunlardan biri 8 may Beynəlxalq Talassemiya gününə həsr olunmuş “Talassemiya” mövzusunda plakat olub. O həmçinin dövlət proqramları üzrə işlərin davam etdiyini qeyd etdi. Bundan başqa, İSİM tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında fotomüsabiqənin keçirildiyini iştirakçıların nəzərinə çatdırdı.
Sonra «İRƏLİ» İctimai Birliyinin Tibb Klubunun rəhbərləri Nigar Əliyeva və Dünya Fərzəliyeva təşkilatın hazırkı fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Çıxış zamanı təşkilatın nəzərdə tutulan bir sıra tədbirlərindən, gördüyü işlərdən bəhs edildi.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.