İSİM-də növbəti təşkilatlararası görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

15 APRIL 2010

İSİM-də növbəti təşkilatlararası görüş keçirildi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə beynəlxalq təşkilatların nümayəndələri və milli koordinatorlar arasında növbəti iclas aprel ayının 14-də keçirildi.

İclas qısa aylıq hesabatlardan və təqdimatdan ibarət idi. İclasda İSİM direktorunun müavini ilə bərabər Azərbaycanda fəaliyyət göstərən və İSİM ilə sıx əməkdaşlıq edən Engender Health, Açıq Cəmiyyət İnstitutu, Qlobal Fond, UNAİDS, İCRC, İqtisadi Təşəbbüslərə Yardım İB, Vişnevskaya-Rastropoviç Fondu, Abt. Associates, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi nümayəndələri, eləcə də Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev iştirak etdi. İclas “İqtisadi Təşəbbüslərə yardım” İB-in sədri Azər Mehtiyevin təşkilatın fəaliyyəti haqqında təqdimatı ilə başlandı.

Azər Mehtiyev təşkilatın fəaliyyət istiqamətləri, əsas layihələri, üzv olduğu koalisiyalar və əsas tərəfdaşları haqqında qısaca olaraq danışdıqdan sonra Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlərdən de bəhs elədi. Məruzədə 1 yaşadək körpə ölümü, uşaq ölümü ilə bağlı UNİCEF-in son hesabatı, 5 yaşadək uşaq ölümü vəziyyəti və eləcə də qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnməsi, doğuşu ağırlaşdıran xəstəliklər və dünya üzrə ana və uşaq ölümünün səbəbləri barədə verdiyi məlumatlar iştirakçıların marağını cəlb etdi.

Sonra iştirakçılar mart ayı ərzində gördükləri işlər, həyata keçirdikləri layihə və tədbirlər ilə bərabər planlaşdırdığı yeni fəaliyyətlər haqqında məlumat verdilər.

İclasın sonunda İSİM rəhbərliyi nümayəndələr üçün maraqlı olan sualları cavablandırdı, növbəti iclasın may ayının 12-də keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.