7 APRIL 2010
Bu gün "Ümumdünya sağlamlıq günüdür"
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə diqqəti yönəltmək üçün dünya səviyyəsində bir imkandır.
2010-cu ilin Ümumdünya Sağlamlıq Gününün "Urbanizasiya və sağlamlıq" mövzusu urbanizasiyanın bütünlükdə dünya əhalisinin, o cümlədən ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli təsirinin etirafı rəmzi olaraq seçilmişdir. Urbanizasiya bir çox səhiyyə problemləri ilə, o cümlədən su, ətraf mühit, zorakılıq və travmalar, qeyri-infeksion xəstəliklər və onların risk faktorları olan tütünçəkmə, düzgün qidalanmama, fiziki aktivliyin olmaması, spirtli içkilərin sui-istifasdəsi, eləcə də xəstəliklərin əmələ gəlməsi ilə bağlı təhlükələrlə əlaqələndirilir.