STEPS-2017 sorğusu regionlara üz tutdu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

11 SEPTEMBER 2017

STEPS-2017 sorğusu regionlara üz tutdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair 24 avqust 2017-ci il tarixdən başlayaraq Bakı, Sumqayıt və Xızı rayonunda keçirilən tədqiqatın sahə işləri yekunlaşdı. Artıq ölkənin digər regionlarında da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən sorğunun sahə işləri həyata keçirilməkdədir. Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı nəzərdə tutulub.

Bakı, Sumqayıt və Xızı ərazisində yekunlaşmış sorğuda 10 qrupdan ibarət (hər qrupda 1 həkim və 1 tibb bacısı) intervüyerlər komandası əhaliyə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edib, onlar arasında QİX-in risk amillərini müəyyən edib. Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunub. Daha sonra respondentdən analiz üçün biokimyəvi nümunələr, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək  məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək  məqsədilə) götürülüb. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılıb. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilib və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarətdə saxlanılıb.

Bildirək ki, əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması məqsədi ilə keçirilən bu sorğu Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq müntəzəm şəkildə aparılacaq.