İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 SEPTEMBER 2017

İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər

3-9 sentyabr 2017-ci il tarixlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu və Cons Hopkins Universiteti yanında Blumberq ictimai səhiyyə məktəbinin təşəbbüsü ilə Ukraynanın Kiyev şəhərində “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı” keçirilir. Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəldikləri tütünə qarşı mübarizə üzrə liderlər komandasının hazırlanmasında məqsəd tütünlə mübarizənin daha fəal şəkildə aparılmasıdır. Tütünə nəzarət, səhiyyə siyasəti, təbliğat, kommunikasiya, qiymətləndirmə, idarəetmə və liderliyi özündə birləşdirən bu bir həftəlik proqram tütünlə mübarizədə effektiv strategiyanın işlənilməsi üzrə potensialın artırılmasına, eyni zamanda tütünə qarşı mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasına müvafiq olaraq reallaşdırılmasına yönəlib.

Proqramda Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova və Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə iştirak edirlər.

Regional və beynəlxalq ekspertlər tərəfindən aparılan proqramın kursları tütünlə mübarizədə regional siyasət, iqtisadiyyat, kommunikasiya, monitorinq və qiymətləndirmənin aparılması, informasiyanın çatdırılması və təbliğat işini əhatə edir. Kurslar tütünlə mübarizədə əsas istiqamətləri özündə əks etdirən ÜST-nin MPOWER paketinə əsaslanaraq təşkil olunur. Proqram çərçivəsində həm də tütünə qarşı mübarizə üzrə liderliyin prinsipləri aşılanır, tütünlə mübarizə sahəsində ölkələrdə vəziyyət təhlil edilir, ictimai səhiyyə sahəsində liderlik baxımından tütünlə mübarizədə regional təcrübənin öyrənilməsi, problemlərin həllində liderlik tipinin müəyyənləşdirilməsi və tütünə qarşı mübarizədə qanunvericiliyin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin tütün reklamına qadağanın qoyulması, tütün satışının stimullaşdırılması, tütün qablaşdırmalarında sağlamlıq üçün ziyan barədə xəbərdarlıq yazılarının verilməsi, hədəf auditoriyanın seçilməsi və KİV-lə əlaqənin qurulmasında ölkə təcrübələri öyrənilir.

Qeyd edək ki, Proqram çərçivəsində iştirakçılar Ukrayna siyasətçiləri ilə ünsiyyətdə olacaqlar və tütünə nəzarət istiqamətində ictimaiyyətin məlumatlandırılması məsələləri müzakirə olunacaq. Kurslarda qrup işlərində ölkə nümayəndələri tütünlə mübarizədə təmsil etdikləri ölkələrin nail olmaq istədikləri məqsədləri və tütün tüstüsündən azad ətraf mühitin yaradılması üçün atılan addımları müzakirə edəcəklər.  Bundan əlavə, iştirakçılar Kiyevdə tütünlə mübarizədə iştirak edən və tütündən azad olmaq istəyənlərə yardım edən qurum, təşkilat və mütəxəssislərlə görüşəcək, tütünçəkmənin qadağan olunduğu ictimai yerlərə səfər edərək tütünə qarşı mübarizədə Ukraynanın təcrübəsi ilə əyani tanış olacaqlar.

Proqramın yekununda iştirakçılar tütündən imtinaya dair hədəfə çatmaq naminə həyata keçirilməsi vacib olan vəzifələr və liderlər üçün kommunikasiya planı hazırlayacaq, gələcək əməkdaşlıq çərçivəsində davamlı işlərin görülməsi üzrə məqsədləri müəyyənləşdirəcəklər.