13 JULY 2017
Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı
Ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə (Health Behaviour in School-aged Children - HBSC) - məktəbyaşlı uşaqların sağlam davranışları ilə əlaqədar beynəlxalq səviyyədə aparılan araşdırmalarda əməkdaşlıq edən tədqiqatçıların ittifaqına üzvlüyə qəbul olundu. Bu şəbəkə 45 üzv ölkədən ibarət olan 11, 13, və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə bütün üzv ölkələrdə 30 ildən bəri hər dörd ildən bir keçirilən sorğularla onların sağlamlıq, rifah və sosial problemlərini müəyyən edilir. Qeyd edək ki, Azərbaycanın bu beynəlxalq əməkdaşlıqda üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2017-ci ilin aprel ayında pilot layihə olaraq Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 5, 7 və 9-cu sinif şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu keçirilib. Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı oldu. Sorğu tamamlandıqdan sonra əldə edilmiş məlumatlar təhlil edildi və nəticələr əsasında hesabat hazırlandı.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov həmin sorğu ilə bağlı hesabatla 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında iştirak etmişdir. O, konfrans içtirakçılarına Azərbaycanda keçirilən sorğu zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilmiş ilkin nəticələr barədə məlumat vermişdir.
Azərbaycanda keçirilmiş pilot sorğunun uğurlu sayılması nəticəsində ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçildi. Bununla da, Azərbaycan cari ilin payız aylarında HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etdi.