7 JULY 2017
İSİM-də Dünya Bankının nümayəndələri ilə görüş oldu
Dünya Bankının nümayəndələri – Moldovadan olan İnsan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban və Ukraynadan olan səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko 6 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) oldular.
İSİM-in əməkdaşları ilə görüş keçirən xarici ekspertlər öz ölkələrində tütün məmulatlarına qoyulan vergilər barədə geniş təqdimatla çıxış etdilər, tütünlə mübarizə istiqamətində aparılan islahatlardan söz açdılar. Onlar bildirdilər ki, Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir. Tütün məmulatlarına qoyulan vergi sisteminə dəyişikliklər və bu sahədə səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində öz ölkələrində tütünlə mübarizədə əldə olunan nailiyyətlər əlavə vəsaitlərin dövlət büdcəsinə regenerasiya olmasına imkan yaradır. Verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur. Bir sözlə, tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Ekspertlərin sözlərinə görə, bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır.
İSİM-in direktoru Ceyhun Məmmədov qonaqlara “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində atılan addımlar və İSİM-in bu istiqamətdə geniş fəaliyyəti barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, tütün – qeyri- infeksion xəstəliklərin əsas risk faktorlarından biridir, ona görə də tütün məmulatlarına və bu zərərli vərdişə qarşı tədbirlərə “Azərbaycan Respublikasının qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sında böyük əhəmiyyət verilir.
Sonda qonaqlar Azərbaycanda yeganə ictimai səhiyyə ocağı olan İSİM-in fəaliyyəti ilə yaxından tanış oldular və onlara mərkəzin gördüyü işlər barədə geniş məlumat verildi.