14 JUNE 2017
Regionlarda səhiyyə sahəsində inzibati xətalara qarşı maarifləndirmə tədbirləri keçirilir
12-17 iyun 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) rayon mərkəzi xəstəxanalarında "Səhiyyə sahəsində inzibati xətalara qarşı maarifləndirmə tədbirləri" adlı görüşlər həyata keçirir. Hacıqabul, Göyçay və Ucar Mərkəzi Rayon Xəstəxanalarında təşkil olunan görüşlərdə çıxış edən İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev tibb işçiləri üçün səhiyyə sahəsində inzibati xətalara dair ətraflı məlumat verdi. İSİM-in mütəxəssisi bildirdi ki, bu tədbirlər Səhiyyə Nazirliyinin “İnzibati xətalara dair baxılan işlər üzrə icraatın gücləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli əmrinin 3-cü bəndinə əsasən keçirilir. Səhiyyə sahəsində inzibati xətalara qarşı profilaktik tədbirlərin genişləndirilməsinin əhəmiyyətindən bəhs edən S. Abdullayev iştirakçıları maraqlandıran sualları cavablandırdı. O, qanunvericiliyin əhaliyə düzgün izah olunmasında təbliğat vasitələrinin, o cümlədən maarifləndirici tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğuladı.
Qeyd edək ki, İSİM-in mütəxəssisinin səhiyyə işçiləri ilə növbəti görüşləri Ağdaş və Gədəbəy Mərkəzi Rayon Xəstəxanalarında baş tutacaq. Eyni zamanda, bu ilin sonuna qədər Bakı şəhəri və respublikanın digər rayon mərkəzi xəstəxanalarında çalışan tibb işçiləri ilə yanaşı, ərazi üzrə səhiyyə müəssisələrinə müraciət edən əhalinin də iştirakı ilə maarifləndirici görüşlərin təşkili nəzərdə tutulur.