6 JUNE 2017
22 saylı Uşaq Poliklinikasında maarifləndirici təlim təşkil olundu
6 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması” istiqamətində maarifləndirici təlim keçirildi. Bakı şəhəri 22 saylı Uşaq Poliklinikasında təşkil olunan təlimdə tibb işçiləri və valideynlər iştirak edirdilər. İSİM-in mütəxəssisi Şəhla İsmayılova geniş təqdimatla çıxış edərək, uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması üzrə metodik vəsait haqqında ətraflı məlumat verdi. Mütəxəssis təəssüflə bildirdi ki, Azərbaycanda bütün ailədaxili cinayət hadisələrinin 40 faizini uşaqlara qarşı zorakılıq halları təşkil edir və bu zorakılıq halları çox vaxt gizlədilir.
Təlimin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, valideynlərlə individual görüşlər keçirildi.
Xatırladaq ki, təlim Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının 1.2.4.-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq təşkil edilmişdi.