ПРЕССА / 21 НОЯБРЯ 2019
Tbilisidə tütünlə mübarizə ilə bağlı qanunvericiliyin tətbiqinə həsr olunmuş seminar keçirilib
Tütünə qarşı mübarizə haqqında Dünya Səhiyyə Təşkilatının (DST) Çərçivə Konvensiyasının Katibliyi və DST-nin Avropa Regional Bürosunun dəstəyi ilə noyabrın 19-20-də Gürcüstanın paytaxtı Tbilisidə tütünlə mübarizə ilə bağlı qanunvericiliyinin tətbiqinə dair seminar keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri – direktor müavini Rahib Məmmədov, ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquqşünas Fidan Rüstəmova seminarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
Seminarın təşkilində əsas məqsəd – tütünlə mübarizəyə aid qanunvericiliyin tətbiqi ilə bağlı tələblərin artırılması və bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsi idi.
Nümayəndələr çıxış edərək, bu sahədə ölkələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və əldə edilən uğurları bölüşüblər. Eyni zamanda, tütünə qarşı mübarizə siyasətində və qanunların icrasındakı boşluqların müəyyən edilməsi, qanunlara əməl edilməsinə mane olan səbəblər iştirakçılar tərəfindən geniş müzakirə olunub.
Azərbaycan, Moldova, Gürcüstan və digər ölkələrin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən seminarda tütünlə mübarizəyə dair qəbul edilən qanunların icrasının təkmilləşdirilməsi, tütünlə mübarizə aparan ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tütünlə mübarizənin effektivliyi üçün səylərin birləşdirilməsi yolları nəzərdən keçirilib, səmərəli təkliflər verilib.