24 ИЮЛЯ 2021
“Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər” mövzusunda ikigünlük konfrans keçirildi
Autizm – özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən və erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sahəsində problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik pozuntudur. Anadangəlmə olan autizmin səbəbi dəqiq məlum deyil. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər“ mövzusunda 22-23 iyul 2021-ci ildə onlayn konfrans keçirildi. Ödənişsiz keçirilən konfransın məqsədi autizm pozuntusu olan uşaqları və əlilliyi erkən aşkarlamaq, ilkin səhiyyə xidmətlərini yaxşılaşdırmaq, ölkənin şəhər və rayonlarının müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək, nəzəri və praktiki bacaraqlarını təkmilləşdirməkdir.
Təlimlər Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən aparıldı. Məruzələrdə autizm spektr pozğunluğu (ASP) anlayışı, klinik göstəriciləri, genetik və çevrə amilləri barədə geniş məlumat verildi, erkən diaqnostikanın vacib rolu vurğulandı.
Yekunda iştirakçıların sualları cavablandırıldı, səmərəli fikir mübadiləsi aparıldı.