6 ДЕКАБРЯ 2019
Spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə 4-5 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi.
ÜST-nin Avropa regionu ölkələrinin nümayəndələrinin iştrakı ilə keçirilən seminarın məqsədi alkoqollu içkilərin satışı, marketinq və reklamı ilə bağlı məsələləri nəzərdən keçirmək, sərxoş vəziyyətdə avtomobilin idarə olunmasının qarşısını almaq, spirtli içkilərdən istifadədə əlçatanlığın təmin olunmasını azaltmaq istiqamətində qanunvericiliyi gücləndirmək, vergiləri artırmaq və mövcud çətinlikləri müzakirə edərək cavab tədbirləri görmək idi.
Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov və İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev iştirak etdilər. Azərbaycanda alkoqola nəzarət siyasətinin həyata keçirilməsi mövzusunda geniş təqdimatla çıxış edən Tofiq Musayev ölkəmizdə spirtli içkilərlə bağlı mövcud olan statistik məlumatları nəzərər çatdırdı və zərərli vərdişlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.
Seminarda qeyd olundu ki, ÜST-nin Avropa regionu ölkələrində adambaşına düşən spirt istehlakı yüksək səviyyədə (ildə 9,8 litr təmiz spirt) olaraq qalır. Spritli içkilərlə əlaqədar yaranan xəstəliklər və ölüm halları regionda qlobal miqyasda özünü göstərməkdədir. Belə ki, bütün ölüm hallarının 10,1%-i alkoqoldan istifadə nəticəsində baş verir. Seminarda bildirildi ki, ən çox narahatlıq doğuran məqam Avropa ölkələrində gənclərin spirtli içkilərin təsirindən yaranan xəstəliklərdən əziyyət çəkməsidir: 20-24 yaş qrupundan olan gənc ölümlərin hər dördüncüsü alkoqol qəbulundan baş verir. ÜST-nin Avropa bölgəsində alkoqollu içkilərlə bağlı vəziyyətin statistikası göstərdi ki, spirtli içkilərdən ölənlərin ən yüksək faizi Belorus, Moldova, Rusiya Federasiyası və Ukraynanın payına düşür. Digər tərəfdən, Qafqaz və Orta Asiya ölkələrində alkoqol səbəbindən ölüm hallarının artdığı müşahidə olunur.
Seminarın yekun günü qrup müzakirələri və iştirakçılar arasında təcrübə mübadiləsi aparıldı və gələcək planları əks etdirən müvafiq materiallar təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.