25 АПРЕЛЯ 2019
Avropa İmmunlaşdırma Həftəsinin başlaması ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisi tərəfindən 24 aprel 2019-cu il tarixdə Avropa İmmunlaşdırma Həftəsinin başlaması ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçirildi.
Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Səhiyyə Nazirliyinin Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyası və BMT agentliklərinin (UNICEF, UNFPA) nümayəndələri, o cümlədən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov və Tibb keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova dəyirmi masada iştirak etdilər.
Bildirildi ki, bu il 24-30 aprel Avropa İmmunlaşdırma Həftəsinin keçirilməsinin məqsədi peyvəndin faydaları ilə bağlı maarifləndirməni artırmaqla peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2007-ci ildən etibarən ÜST Avropa regionunun bu təşəbbüsünə qoşulur. ÜST-nin Azərbaycandakı nümayəndəsi dr. Hande Harmancı çıxış edərək immunlaşdırmanın əhəmiyyətini vurğuladı: “Peyvəndlər hər il milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir. Peyvəndlərin sayəsində Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklər azalıb”. O bildirdi ki, əgər uşaqlarımızı peyvənd etdirməsək, bu xəstəliklər yenidən baş qaldıracaq:
“Yadda saxlayın ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təmin etdiyi bütün peyvəndlər keyfiyyətlidir”.
Dəyirmi masada çıxış edənlər tərəfindən bir daha diqqətə çatdırıldı ki, peyvəndlər uşaqların həyatı üçün ömürlük investisiyadır. Peyvəndlərin sayəsində, Avropa regionunda bir çox uşaq və yetişkinlərdə qızılca, məxmərək, epidemik parotit, difteriya, göy öskürək, tetanus və poliomielit kimi xəstəliklərə qarşı immunitet yaranıb. Pnevmokok bakteriyası, insan papilloma virusu, hepatit B virusunun daha ağır fəsadlarının qarşısını almaq üçün peyvənd olunanların sayında artım müşahidə olunur. Orta hesabla Avropa regionunun 90 faizi peyvəndlə əhatə olunub, 2017-ci ildə həmişəkindən daha çox uşaq qızılcaya qarşı iki doza peyvənd olunub. Qeyd olundu ki, 2018-ci ildə Avropa regionunda 82000 insan qızılcaya yoluxub və 72 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İmmunlaşdırmanın təminatında olan boşluqlar xəstəliklərin peyvənd olunmayan şəxslərə keçməsinə şərait yaradaraq yoluxucu, peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması üçün zəmin yaradır.
Xatırladaq ki, Avropa Peyvəndləşdirmə Tədbirlər Planının (2015-2020) hədəfi Avropa regionunu peyvəndlə qarşısı alınan xəstəliklərdən xilas etmək, ölkələrə yüksək keyfiyyətli, təhlükəsiz və münasib qiymətli peyvəndə əlçatanlığın bərabərliyini və ömür boyu davam edən immunlaşdırma xidmətlərini təmin etməkdir.